0504701716

0506133565

Elm adamları, ziyalılar
|

İslam Əhməd oğlu Göyüşov  (elmlər namizədi)

10.06.2021

İslam Əhməd oğlu Göyüşov 1939-cu ildə Kəpənəkçidə anadan olub.

Kəpənəkçidə səkkizillik məktəbi bitirib, orta məktəb təhsilini qonşu Faxralı kəndində davam etdirib və orta məktəbi bitirib. 1958-ci ildə Bakı şəhərinə ali təhsil almağa gəlib.

Kinematoqrafiya sahəsində ali təhsil almaq istəyib. O dövrün qanunlarına görə, bu sahədə ali təhsil almaq istəyənlər üçillik əmək stajına malik olmalı idi. O, ikiillik kurslara yazılıb və Kino sənətinin nəhəngləri olan Adil İsgəndərov, Mehdi Məmmədov, Lətif Səfərov, Tofiq Kazımov kimi sənətkarlardan dərs alıb.

İslam Göyüşov Azərbaycan Dövlət Dram Teatrına dəvət edilir və SSRİ xalq artisti Adil İsgəndərov ona tamaşalarda dublyor kimi iştirak etməyi məsləhət görür, rollar tapşırır. 

“Şeyx Sənan” tamaşasında Aşıq, “Fərhad və Şirin”, “Cavanşir” tamaşalarında sərkərdə rollarını özünəməxsus məharətlə oynayıb bu həvəskar oğlan. Sonra da “Həqiqi dost”, “Səhər” və “Koroğlu” film-lərində rejissor köməkçisi kimi çəkiliş pavilyonlarında çalışıb.

Moskva Kinorejissorluq İnstitutunda oxumaq üçün müraciət etsə də o vaxt hər ölkədən bir nəfər qəbul olunduğundan ona növbəti ilədək gözləmək məsləhət görülüb.

Onu yaxından tanıyan sənət adamlarının təkidlərinə baxmayaraq, İslam Göyüşov 1960-cı ildə sənədlərini Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutuna verir və inşaat fakültəsinə qəbul olur.

İslam Göyüşov ali məktəbi bitirərək 1965-ci ildə Azərbaycan SSR “Kommun-proyekt” Layihə İnstitutunda layihəçi mühəndis kimi əmək fəaliyyətinə başlamışdır.

1965-ci ildən ta 1991-ci ilədək əvvəlcə Azərbaycan Politexnik İnstitutunda, sonra isə bu müəssisənin bazasında yaradılmış Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda müəllim kimi də fəaliyyət göstərmişdir.

1976-1980-ci illərdə istehsalatdan ayrılmadan elmi araşdırmalarla məşğul olmuşdur. 

1980-ci ildə özünün dissertasiya işini o vaxtkı Leninqrad şəhərində müvəffəqiyyətlə müdafiə edib “Texnika elmləri namizədi” alimlik dərəcəsi almışdır.

İslam müəllim Azərbaycan Respublikasında Milli irsimiz olan tarixi abidələrin elmi bərpası ilə məşğul olan ilk istehsalatçı alim kimi tanınır.

İslam Göyüşov 1989-1993-cü illərdə Tarixi Memarlıq Abidələrinin Elmi Bərpası “Bərpaçı” Baş İdarəsində Baş mühəndis vəzifəsində işləmişdir. İndiyədək 250 layihə işləyib hazırlamışdır. Bu layihələrin hər biri İslam müəllimin alimlik fəaliyyətində elmi məqalə statusuna malikdir. Bütün bunlarla yanaşı əlavə 15 elmi məqalənin də müəllifidir.

Alimin İçərişəhərdəki Bazar meydanı və Qız qalası haqqında söylədiyi fikirlər də sensasiyalı olduğu qədər tariximizin qədimliyi baxımından inandırıcıdır. Bu elmi fəaliyyətinin nəticəsidir ki, bərpaçı-alim İslam Göyüşov Azərbaycan Respublikası Memarlar İttifaqının üzvüdür. O, hazırda İçərişəhər Dövlət Tarixi-Memarlıq Qoruğunun ta-beliyində olan “Qala” Dövlət Etnoqrafiya Qoruğunda tarixi abidələrin elmi araşdırması ilə məşğuldur.

 

98.3 KB